O, 1949-cu ildə Venesuelada anadan olub. Qatı kommunist olan atası Vladimir İliç Leninin şərəfinə adını İliç qoyub. Sonrakı iki oğlunu da Lenin və Vladimir adlandırıb. İliç Ramires də atasının təsiri altında marksist-leninçi ideologiyanı mənimsəyib.
O, Moskvada Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinə daxil olub. Bu universitet də oxuyan tələbələr KQB xüsusi diqqət yetirirdi və onları öz agenturasına cəlb etməyə çalışırdı. Tam aydın olmayan səbəblərdən İliç 1970-ci ildə universitetdən qovuldu. Bəlkə də qovulması görüntü üçün idi.
Fələstinə yollanan İliç burada Fələstin Xalq Qurtuluş Cəbhəsinin (FXQC) düşərgələrində təlim keçir. Karlos ləqəbini də burada qazandı - bu adı ona FXQC lideri Jorj Habaş, yoxsa başqası verdi, dəqiq məlum deyil. Çaqqal ləqəbini isə axtarış zamanı əşyalarının arasından Frederik Forsaytın “Çaqqal günü” romanının tapıldığını eşidən jurnalistlər verdi və beləliklə, İliç Ramires Sançes daha çox Çaqqal Karlos kimi məşhurlaşdı.
Karlos haqqında bir dəfə məqalə yazacağam və həyatından, terror aktlarından (bunlardan ən məşhuru 1975-ci ildə Vyanada OPEC ölkələrinin toplantısında 60-dan çox adamı girov götürməsidir) ətraflı bəhs edəcəm. İndi isə həbsindən yazıram.
O, kommunist Şərqi Almaniyanın Ştazi deyilən təhlükəsizlik nazirliyinin çətiri altında fəaliyyət göstərirdi. Sovet KQB-si də lazım gələndə onunla Ştazi vasitəsilə əlaqə saxlayırdı. Ehtiyac olanda digər sosialist ölkələrinin xüsusi xidmət orqanları da Ştazi vasitəsilə Karlosa sifariş göndərirdilər.
Qorbaçovun hakimiyyətə gəlməsindən sonra baş verən dəyişikliklər Karlosun taleyinə də təsir etdi. O, sosialist düşərgəsinin himayəsindən məhrum oldu və sığınmağa ölkə axtardı. Hətta Qəddafi kimi siyasi xuliqan da ona sığınacaq vermədi. Nəhayət, Suriyaya sığındı, amma Hafiz Əsəd onun qarşısına dinc durması tələbini qoydu. 1991-ci ildə “Səhrada tufan” əməliyyatı çərçivəsində ABŞ ilə yaxınlaşanda isə Əsəd Çaqqal Karlosu ölkədən qovdu.
Daha heç kəsə lazım olmayan Karlos bir müddət sürən sərgərdanlıqdan sonra Sudana sığındı. Onun burada olmasından amerikalılar xəbər tutdular və fransızlara xəbər verdilər. Çünki Karlos Fransada bir neçə terror aktı həyata keçirmişdi və bu ölkə tərəfindən axtarılırdı.
Fransızlar Sudanda rəsmi vəzifə tutmayan, amma nüfuzlu Milli İslam Cəbhəsi təşkilatının lideri olan Həsən ət-Turabi ilə əlaqə yaratdılar. Sudana ehtiyacı olan müxtəlif texnologiyalar və maddi yardım təklif edildi. Amma ət-Turabi tərəddüd edirdi. Bu zaman Karlosun Sudanda ikən spirtli içkilər içməsi, qadınlarla əylənməsi əks olunan videogörüntülər şeyxə göstərildi və ət-Turabi razı oldu.
Karlosun birinci arvadı qızını da götürüb Venesuelaya getmişdi. İkinci arvadından isə, çox istəsə də, uşağı olmurdu. O, 1994-cü ilin avqustunda spermatozoidlərinin sayını artırmaq üçün varikoselektomiya deyilən əməliyyata məruz qaldı. Mühafizəsi üçün ayrılmış sudanlılar əməliyyatdan sonra dedilər ki, onlara daxil olan məlumata görə, Karlosun həyatına qəsd hazırlanır və guya təhlükəsizlik məqsədilə evinə deyil, başqa yerə apardılar. Burada isə avqustun 14-də qandallandı və ertəsi gün fransızlara təhvil verildi.
İliç Ramires Sançes və ya Çaqqal Karlos Fransada üç dəfə (1997, 2011, 2017-ci illər) müxtəlif cinayətlərə görə mühakimə olundu və hər dəfə ömürlük həbsə məhkum edildi.
Onun həbsdə İslamı qəbul etdiyi deyilir. Bəzən isə hələ 1970-ci illərdə müsəlman olması iddia olunur.
Çaqqal Karlos 2018-ci ildə Vladimir Putinə müraciət edərək həbsdən azad olunmasına yardım göstərməsini xahiş etmişdi. Kreml bu müraciətə reaksiya vermədi.
İliç Ramires indi də həbsdədir və sağlamlıq səbəbləri xaric həbsdən çıxması mümkünsüzdür.