Bu iki şəhərin paytaxtı olduqları ölkələrin adı da eynidir: Konqo. Brazzavil Konqo Respublikasının paytaxtıdır, Kinşasa isə Konqo Demokratik Respublikasının. Asan olmaq üçün çox vaxt elə Konqo-Brazzavil və Konqo-Kinşasa deyirlər.
XIX əsrdə Konqo Respublikasının ərazisi Fransanın, Konqo Demokratik Respublikasının ərazisi isə Belçikanın müstəmləkəsi idi. Hər ikisinə Konqo çayı sahilində möhkəmləndirilmiş ticarət məntəqəsi lazım idi. Beləcə, fransızlar 1880-ci ildə Brazzavilin, belçikalılar isə bir il sonra öz krallarının adı ilə adlandırdıqları Leopoldvilin əsasını qoydular.
Hər iki ölkə 1960-cı ildə müstəqillik qazandı və Brazzavil ilə Leopoldvil dünyada ən yaxın paytaxtlar oldular. Müstəmləkə dövrünü xatıladan Leopoldvil adı 1966-cı ildə dəyişdirilib Kinşasa qoyuldu. Kinşasa Leopoldvil böyüyərkən içində əritdiyi kəndlərdən birinin adı idi.
Dünyada ikinci, Avropada isə birinci ən yaxın paytaxtlar Vyana və Bratislavadır. 1993-cü il yanvarın 1-dən müstəqil olan Slovakiyanın paytaxtı ilə Avstriya paytaxtı arasında məsafə 55 kilometrdir.
Üçüncü yerdə yenə Avropa paytaxtlarıdır. Estoniyanın paytaxtı Tallinn ilə Finlandiyanın paytaxtı Helsinki arasında məsafə 82 kilometrdir. Bu iki paytaxt 1990-1992-ci illərdə dünyada ikinci ən yaxın paytaxt idilər. Slovakiya müstəqil olandan sonra üçüncü yerə düşdülər.
Suriyanın paytaxtı Dəməşq və Livanın paytaxtı Beyrut Helsinki-Tallinn cütlüyünə 4 km uduzurlar. Onlar arasında məsafə 86 kilometrə çatır.
İlk beşliyi Karib dənizində yerləşən iki paytaxt qapadır. Sent Kits və Nevis dövlətinin paytaxtı Baster ilə Antiqua və Barbuda dövlətinin paytaxtı Sent Cons arasında məsafə 96 kilometrə bərabərdir.
Bakıya ən yaxın paytaxt Tbilisidir - təxminən 448 km. Yerevana qədər məsafə bir qədər uzundur: 458 km. Tehran Bakıdan təxminən 540 km uzaqlıqda yerləşir. Dördüncü yerdə Aşqabad (783 km), beşinci yerdə isə Bağdaddır (930 km).
Bütün hallarda söhbət hava ilə məsafədən gedir, avtomobil yolu ilə yox.